8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Dayanma Dostum Qaçış Klubunun təşəbbüsü ilə simvolik 44 km-lik qaçış təşkil olunub.
Məsafə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin şərəfinə seçilib.
Güclü küləkli hava şəraitinə baxmayaraq, qaçış planlaşdırıldığı kimi baş tutub. Qaçışın başlanğıcında Sumqayıt Qaçış Klubu, digər klubların üzvləri və fərdi idmançılar tədbirə qoşularaq Zəfər Gününü birlikdə qeyd ediblər.
Qaçışın davamında isə Dayanma Dostum Qaçış Klubunun üzvləri Cavad Mustafazadə və Gülər Salahova, Ultra və Trail Qaçışçıları Klubunun üzvü Ənvər Sultan və sərbəst idmançı Leyla Abdinova əlverişsiz hava şəraitinə baxmayaraq 44 km məsafəni birlikdə tamamlayıblar.
İdmançılar məsafəni xoş söhbətlər və qarşılıqlı dəstək şəraitində qət edərək birlik, əzmkarlıq və idman həmrəyliyi nümayiş etdiriblər.
Dayanma Dostum Qaçış Klubu tədbirə qoşulan hərkəsə təşəkkürünü bildirir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin və Vətənimizin keşiyində dayanan hərbçilərimizi qorusun!
Zəfər Günümüz mübarək! 🇦🇿
Sərhədləri aş! — Dayanma Dostum Qaçış Klubu